`Şeron`un keçmiş üzvü məhkəmədə: `Şikayətçi deyiləm`


22:08     22 May 2017 547289_000.jpg

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Əfsun Quliyev və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində İntizar Məmmədov ifadə verərək, zərərçəkmiş olmadığını deyib: “Təqsirləndirilən şəxslər mənə hədə-qorxu gəlməyib, pul tələb etməyiblər. Onlardan şikayətçi deyiləm. Şəxsən mənə və mənim yanımda Ramilə Tahir və dostları heç bir hədə-qorxu gəlməyib. Onlar Rəşadgilə borclu qaldığımız pulu verməyimizi istəyiblər”.

Lakin İ. Məmmədov ibtidai istintaq zamanı ifadəsində bildirib ki, 2012-ci ildə dostları Ramil Qasımov və Rəşad Əhmədovla birlikdə “Şadan” musiqi qrupunu yaradarkən, Rəşadın atası Ziyadxana məxsus səsyazma studiyasını 55 min dollara Tərlan adlı şəxsə salıblar.

“Həmin puldan Rəşad 5 min dollar, mən 5 min manat götürdüm. Qalan pulu qrupun inkişafına xərclədik. Razılaşmışdıq ki, hər toydan əldə etdiyimiz 3 min manatın 1000 manatını musiqiçilərə verək, 1000 manatını üçümüz aramızda bölək, qalan 1000 manatı isə Rəşadın atasına verək. Bir müddət bir yerdə işləyərək Rəşadın atasının pulundan 13 min manat qaytardıq”.

İntizar Məmmədovun sözlərinə görə, 2015-ci ildə qrupdan ayrılıb və ayrıca fəaliyyət göstərməyə başlayıb: “Lakin Rəşadın atası və özü bizdən pulun qalan hissəsini istədi. Rəşadın atası pulunu yeni məzənnə ilə tələb edirdi. 2016-cı ilin oktyabrında Rəşadın atası əvvəllər tanımadığı “Qara Çöplü” ləqəbi ilə tanınan Tahir, “Vaska” ləqəbli Vazeh, Gündüz, gürcüstanlı Ariz, Zabratlı İlqar, Talış İlqar və Emin kimi şəxsləri üstümüzə göndərdi. Həmin şəxslər dedilər ki, Rəşadın atası borcun alınmasını onlara həvalə edib”.

Məhkəmə prosesi mayın 25-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvar ayınadək "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları tələb ediblər və pulun çatdırılması üçün vaxt qoyublar. Təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonunda İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 500 dollar alıblar. Daha sonra isə İ. Məmmədovun "Mercedes Benz" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatını çıxıblar.

Onlar 2016-cı ilin noyabr ayının 30-da R. Qasımovdan 4 min dollar alıblar. Bu il yanvar ayının 6-da isə R. Qasımovdan qalan 12 min manatı istəyərkən tutulublar.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə. Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1229


Oxşar xəbərlər